Türkün nəğməsi | Məhəmməd Hadi

O, türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək orijinal şair kimi ədəbiyyat tariximizdə özünə layiq yer tutmuşdur.
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz.

Qiymətli olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış olan növheyi-nisvan hədər olmaz,
Bax sən sonuna, himməti-türkan hədər olmaz,
Bədbəxt olan əfğani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən.

Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?


Müəllif : Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva, Nuriyyə Verdiyeva, Sədaqət Məmmədova
Mənbə: Ədəbiyyat — 8 Ümumtəhsil Məhtəblərinin 8-ci sinfi üçün Ədəbiyyat fənni üzrə DƏRSLİK
 

0 şərh